İndiyədək Topaz Premyer Liqasında hər cür səbəblə təxirəsalma görmüşdük. Amma beləsini yox!
PFL bu gün məlumat yayıb ki, XIII turun "Qarabağ" - "Keşlə" matçı təxirə salınır. Səbəb isə budur: Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi kimi Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimində iştirak üçün İrlandiyanın paytaxtı Dublinə yollanacaq. Tədbir də, oyun da dekabrın 2-də olmalı idi. Amma PFL-in qərarı ilə matç dekabrın 3-nə keçirilib.
İndiyədək komandaların oyunlara baş məşqçisiz çıxmaları hallarına çox rast gəlinib. Bura təkcə cəzalı duruma düşdükləri üçün komandaya texniki zonadan rəhbərlik edə bilməmələri aid deyil. Həm də olub ki, baş məşqçilər xaricdə "Pro" kursuna qatılıblar. Amma heç bir halda oyun təxirə salınmayıb.
Elə komandaların avrokuboklarda iştirak etməməsi, futbolçuların yığmanın düşərgəsində təlim-məşq toplanişları və ya oyunlara yollanmaları səbəbindən də matçlar başqa vaxta keçirilib. Amma baş məşqçinin püşkatmada iştirakı səbəbindən oyunu təxirə salmaq ilk dəfədir baş verir. Belə bir işə qol qoymaq sonluğu heç də yaxşı olmayan presedent, qeyri-ciddi durum ortaya çıxarır. "Qarabağ”ın müraciətini, "Keşlə” klubunun razılıq məktubunu nəzərə alan PFL gələcəkdə daha gülünc səbəblərlə təxirəsalma qərarları qəbul edə bilər.
Bu komandalar arasında ilk dövrənin qarşılaşması da təxirə salınmışdı. Həmin vaxt VII turun görüşü oktyabrın 5-dən oktyabrın 31-nə keçirilmişdi. Lakin noyabrın 3-də "Neftçi"yə 0:1 hesabı ilə uduzduğu görüşdən sonra paytaxt təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov oyunun ertəsi gün - noyabrın 4-də keçirilməsi istəyinə razılıq verilməməsindən şikayətlənmişdi. İlk dövrədə də, indi də təxirəsalmaya razılıq verən "Keşlə" sabah özünün analoji xahişi yerə düşəndə narazı qalmazmı?
Digər tərəfdən, məgər Qurban Qurbanovun yoxluğunda "Qarabağ"ı oyuna millidə və klubdakı köməkçisi Elçin Rəhmanov çıxara bilməzdi? Yəni, PFL-in göstərdiyi səbəb gülüncdür. Əslində isə təxirəsalma üçün çox sadə səbəb var idi: "Qarabağ"ın "Keşlə" ilə nəzərdə tutulan tarixdən 3 gün əvvəl Avropa Liqasında Portuqaliya "Sportinq"i ilə ağır matç keçirməsi. Bunun da gözünə Qurban Qurbanovun milli komanda ilə bağlı səfərdə olacağını qatsaydılar, bəhanə normal səbəbə çevrilərdi.
Premyer Liqa oyunlarını izləyən 3-5 min azarkeş var, onları da belə yollarla tribunalardan uzaqlaşdırmaq olmaz!