İspaniyanın "Sevilya" klubu "Barselona"nın futbolçusu Munir əl-Həddadinin transferinə dair anlaşma əldə edib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, tərəflər arasında 23 yaşlı forvardın qış transfer dövründə keçidinə dair prinsipial razılaşma olub. Sözləşmənin rəsmiləşməsi üçün Əl-Həddadinin tibbi baxışdan keçməsi qalıb. Bu transfer "Sevilya"ya 1,05 milyon avroya başa gəlib.
Qeyd edək ki, Munir əl-Həddadi "Barselona"nın yetirməsidir. O, Kataloniya təmsilçisinin əsas komandasında 2014-cü ildə debüt edib. Bütün yarışlarda 56 oyuna çıxmış əl-Həddadi 12 qol və 11 məhsuldar ötürmə müəllifi olub. İstedadlı futbolçu hərəyə 2 dəfə İspaniya çempionluğu, ölkə kuboku və Superkubok qazanıb. O, Çempionlar Liqası və klublararası dünya çempionatına və UEFA Super Kubokuna da yiyələnib.