
Yeni il günümüzün sabahı elə "Sabah"la açıldı. Məlum oldu ki, bizim bu "Sabah" artıq Antalyadadır, təlim-məşq toplanışına yollanıbmışlar. Debütantımız yeni ili Türkiyədə qeyd etməyi qərara alıbmış.
Nə imiş? Qabaqdangəlmişlik etmək istəmişdilər. Amma gedən kimi düşdülər yağışa və iki gün məşq edə bilmədilər.
Hələ üstəlik, ilk və son rəqiblərini də müəyyənləşdirmədən gedibmişlər. Həmin komandaları isə oyunlara bir-iki gün qalmış tapdılar. Tapdıqları da kim olsa yaxşıdır: Türkiyə I Liqasının autsayderi "Eskişehirspor" və İsveçrə "Syon"unun U-21 komandası...
İnsafən, pis nəticələr göstərmədi "Sabah". "Eskişehirspor"u və Macarıstan MKT-sini uddu, Qazaxıstan "Tobol"u və Syon"la heç-heçə etdi, hər oyunda qollar vurdu. Amma deyəsən, zəif və ortabablara 10 qol vurması sanki "Sabah"ın hücumçu axtarışlarını dayandırmasına səbəb oldu. "Həftə səkkiz, mən doqquz" zədələnən Marko Deviçlə davam etməyi qərara aldı bizim bu "Sabah". Bəh-bəhlə Rəşad Eyubov və Təmkin Xəlilzadəni transfer edə bildilər, amma hücumçu tapammadılar...
Sən bir məntiqsizliyə bax: Deviç 6 qolla Premyer Liqanın bombardirləri sırasında yer alıb. Amma "Sabah" ən az qol vuran 2 komandadan biridir. Digəri autsayder "Zirə"dir. Hərçənd, mövsümün ikinci yarısının son turlarında qeydə alınan nəticələri təhlil etdikdə, belə qənaətə gəlirsən ki, əsl autsayderin özü elə "Sabah"ın özüdür ki var. Nə olsun ki, elə sonuncu dəfə 2018-ci il oktyabrın 27-də, X turda elə "Zirə"ni məğlub edə biliblər? O gündən "Sabah" Azərbaycan Kubokunun da oyunları daxil olmaqla, 7 matçda 6 məğlubiyyətlə üzləşib, cəmi 1 heç-heçəyə "sevinib". Normalda ardıcıl uğursuzluqlardan sonra baş məşqçi istefa verməli idi. Amma Elşad Əhmədov 17 xalla 4-cü yerdə olduqlarını əlində bayraq edir, gəzir-dolaşır.
Məntiqsizlik birdir-ikidir məgər? Hansından danışasan?
Ondanmı ki, ev oyunlarını "sarı-qırmızı" rəngli "Əlincə Arena"da keçirən klub göy-ağ formanı geyinir. Çöldən baxanda az qala elə bilirsən ki, "Qalatasaray" Masazıra köçüb. Amma içəri girəndə görürsən ki, oynayan dünəni də bu gün kimi olan "Sabah" imiş...
Komanda gedir Antalyaya, klubun mətbuat xidməti xəbərlər paylaşır, hər gün Elşad Əhmədov müsahibə verir, xəbərlər klubun "Facebook" səhifəsinə qoyulur. Qayıdıb Bakıya gələn kimi rəsmi saytı təqdim edirlər. Buna da deyərlər "Toydan sonra "Sabah"!
Klubun saytına baxırsan, məlum olur ki, Müşahidə Şurasının 5 üzvündən 2-si sonuncu dəfə Azərbaycanda nə vaxt olduqlarını heç özləri belə bilmir. İqor Ponomaryov "Sabah"ı İsveçdən, Rauf Xəlilov Rusiyadan "müşahidə edir". Niyə məhz onlar? Ponomaryovla Xəlilov danışdıqları rus dilində "SaBax" sözündəki "Bax"ı tanıya bilərlər, "Sabah"ın özünü yox. Xəlilovun "Sabah"ın Müşahidə Şurasında yer alması Azərbaycanda olmayan dağ xizəyi növü üzrə federasiyaya başçılıq etməsi qədər məntiqsizlik deyilmi?
"Sabah" üç gündür Masazırdadır. Antalyaya getdikləri ilə qayıtdıqları 21 gün çəkib. Mövsümün ikinci yarısına isə hələ 7 gün var. Taleyin ironiyasına bax ki, bu komanda yenə "Zirə" ilə qarşılaşacaq.
O biri komandalar təlim-məşq toplanışlarını çempionata bir neçə gün qalmış başa vururlar ki, oyunadək formada qalsınlar. "Sabah" isə yeni hazırlıq planı "kəşf edib". Heç Allahın Masazırında toplanış keçmədən "Zirə" önünə çıxacaqlar. Yəqin fikirləşiblər ki, ausayderlə oynayacağıq da...
Ötən mövsümün qalibi "Xəzər" olduğu halda, Premyer Liqaya "Sabah"ın gəlişi məntiqsiz idi. Deyək ki, "Xəzər"dən nəinki futbolçu, baş məşqçi Elşad Əhmədov və hətta klub rəsmisi Emin Abbasov qarışıq hamısının "Sabah"a transferi məntiqlidir. Lap elə vaxtilə voleybol klubunda çalışmış Nəsimi Musayevin indi futbol sahəsinə keçməsi də. Bəs yuxarıda sadalananlara nə deyirsiniz?