
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov baxışdan olan futboçularla bağlı qərar verib.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a 38 yaşlı mütəxəssisin özü bildirib.
O deyib ki, Türkiyənin Antalya bölgəsində sınaqdan keçirdikləri 3 oyunçudan yalnız biri - Peyman Keşavarzla müqavilə bağlayacaqlar. 23 yaşlı iranlı müdafiəçi ilə 1,5 illik sözləşmə nəzərdə tutulub.
İranın Şərqi Azərbaycan əyalətinin Şəbüstər əyalətində doğulan P.Keşavarz Təbrizin "Traktorsazi" klubunun yetirməsidir. Onun son iş yeri "Qostareş Fulad" olub.
Digər futbolçular - Valeh Seyidov və Elvin Bədəlovun xidmətinə ehtiyac duyulmayıb.
Qeyd edək ki, “Sumqayıt” qış fasiləsində qapıçılar - Aydın Bayramovla Rəşad Əzizlini heyətinə cəlb edib. Bundan başqa, “Zirə”dən müdafiəçi Adil Nağıyevi alan “gənclik şəhəri” təmsilçisi Bəxtiyar Həsənalızadəni əks marşrutla göndərib. Peyman Babayi isə İranın "Maşınsazi" klubundan icarəyə götürülüb.