
Rusiyanın "Mordoviya" klubunun baş məşqçisi Yuri Syomin istefa təhlükəsi ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, Premyer Liqanın son 3 turunda üzləşdiyi ardıcıl məğlubiyyətlər təcrübəli mütəxəssisin komandadakı taleyini sual altında qoyub.
IX turda "Ufa"ya evdə 0:2 hesabı ilə uduzan "Mordoviya"nı ardından "Rubin" və "Zenit" darmadağın edib - 5:0. Hazırda "Mordoviya" 11 oyundan 11 xalla 11-ci pillədə qərarlaşıb.
Klubun direktoru Vladimir Bibikov isə baş məşqçi dəyişikliyinin gündəmdə olmadığını bildirib: "Bundan söhbət belə gedə bilməz. Biz Syomindən bezməmişik. Hazırda psixoloji gərginlikdir. Bizə 2-3 uğurlu oyun lazımdır ki, hər şey öz yerini tutsun. Futbolçulara və məşqçilərə inanırıq".
Qeyd edək ki, Yuri Syomin ötən mövsüm "Qəbələ"nin sükanı arxasında olub.