Türkiyədə son 6 mövsüm ərzində ən böyük mənfəətlə fəaliyyət göstərən klubun "Bursaspor" olduğu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "timsahlar" ötən 6 mövsüm ərzində yollarını ayırdıqları 127 oyunçudan 47,37 milyon avro gəlir götürüb. Bu müddətdə "yaşıl-ağlar" 81 futbolçu ilə anlaşıblar. Onlar üçün transfer və icarə haqqı kimi 20,46 milyon avro ödənilib. Beləliklə, 26,91 milyon avro mənfəət götürən "Bursaspor" bu göstəricidə birinci yeri tutub.
İkinci yerdə "Beşiktaş" qərarlaşıb. "Qara qartallar" oyunçu satışlarından 97,15 milyon avro gəlir götürdükləri halda 67 futbolçu ilə anlaşmaya 79,01 milyon avro ödəyiblər. Nəticədə mənfəət 18,14 milyon avro təşkil edib.
Üçüncü yerdə isə "Eskişehirspor" qərarlaşıb. Bu klub 17,70 milyon avro gəlir əldə etdiyi halda, transfer qadağası üzündən cəmi 2,04 milyon avro xərcləyib və beləliklə, 15,66 milyon avro mənfəətə sahib çıxıb.
Ən çox qazanan və xərcləyən klub isə "Qalatasaray" olub. "Sarı-qırmızılar" transferlərdən 102,81 milyon avro əldə etsələr də, transferlərə 161,45 milyon avro xərcləyiblər. Bununla da "Cim Bom" 58,65 milyon avro zərər edib. Bu rəqəm Superliqada ən yüksək məbləğ olub.
Qeyd edək ki, "Bursapor" bu yaxınlarda "Neftçi" ilə əməkdaşlıq müqaviləsi imzalayıb.