"Səbail"in müdafiəçisi Vuqar Bəybalayev Topaz Premyer Liqasının XIX turunda qarşılaşacaqları "Sumqayıt" oyunu barəsində danışıb.
Sabiq "Sumqayıt"lı Sportnet.az-a verdiyi açıqlamada bu görüşün onun üçün digərlərindən fərqlənmədiyini bildirib:
"Bu oyunun mənim üçün digərlərindən bir fərqi yoxdur. Doğrudur ki, Sumqayıt mənə doğma şəhərdir. Ancaq bu heçnəyi dəyişmir. Necə ki, bütün oyunlara 3 xal qazanmaq üçün çıxırıq, bu qarşılaşmaya da o hədəflə çıxacağıq".
26 yaşlı futbolçu "Sumqayıt"ın son turlarda uğursuz çıxış etməsindən də danışıb:
"Rəqibimiz son oyunlarda ard-arda məğlubiyyətlər yaşasa da, "Sumqayıt" çox yaxşı komandadır. Ötən il orada bir çox oyunçu ilə bərabər mübarizə aparmışam. Bu oyunda qətiyyən arxayınlaşmamalıyıq. Əks təqdirdə rahatçılığın qurbanına çevrilərik. İnanıram ki, onlar tez bir zamanda qara zolaqdan qurtulub, yuxarı pillələrə qalxacaqlar. Ancaq ümid edirəm ki, bu, bizlə oyundan sonrakı görüşlərdə baş verəcək".
Qeyd edək ki, "Səbail" - "Sumqayıt" matçı martın 2-si saat 16:00-da keçiriləcək.