“Çox şey demək olmur. Oynayırsan, oynayırsan, sonra qol buraxırsan... Qalib gəlməyi hədindən artıq istəyirdik. Sevindiricidir ki, uduzmadıq. Amma heyf ki, uda bilmədik. Yaxşı imkanlarımız da oldu. Bizim adımıza ən pisi qolu özümüzün vurmasıdır".
Sportnet.az-ın məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIX turunda evdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis oyunda edilən əvəzetmələrdən danışıb: “Həmdinin oyuna girməsi, daha doğrusu əvvəlcədən olmaması bizə pis təsir edir. Təəssüf ki, həkimlər, cəmi iki gün məşq etdiyi üçün onun yalnız 30-35 dəqiqə oynamasına icazə vermişdi. Ancaq risk alıb oynatdıq. Bilal təkbətək mübarizələrdə çox yaxşı oyunçudur. Qapanan komandaya qarşı faydalı olur. O da pis oyun göstərmədi. İsmael Fofana isə yalnız Xulio Sezar Rodrigesin zədələnməsi səbəbindən oyuna daxil edildi. Bu gün xal itirməyimiz bizi çox üzdü".
Abasov Pərdis Fərcad-Azadın heyətdə olmamasını isə belə şərh edib: “Pərdisin heç bir səhvi yoxdur. Biz hücum xəttimizi iki yeni oyunçu ilə gücləndirmişik. Pərdisə demişdik ki, planlarımıza daxil deyilsən. Onsuz da bir çox oyunçu məşq edir, sadəcə, maaş alır. Bizim onunla müqaviləmiz var. Ona ödəmə etmək borcumuzdur. Özü bu durumdan razıdırsa, bunu ondan soruşun”.