"Vacib 3 xal qazandıq. Bir az meydan, bir az da hava şəraiti topla lazımı şəkildə oynamağımıza imkan vermirdi. Buna rəğmən, qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə "Keşlə"ni 1:0 hesabı ilə üstələdikləri matçdan sonra söyləyib.
47 yaşlı mütəxəssis Rəşad Sadıqov, Reynaldo Silva və Ansi Aqollinin meydana çıxmamasına aydınlıq gətirib: "Rəşadın mikrozədəsi olduğu üçün risk edib, oynatmadıq. Reynaldonu meydanın süni örtüklü olmasına görə ehtiyat etdik. Aqolli isə sırf seçim məsələsidir".
Baş məşqçi Araz Abdullayevi yenidən əsas heyətə qaytarmalarına da toxunub: "Bəzən belə hallar olur. Futbolçu kiçik bir müddət oyun formasını itirir. Bunu tez bir zamanda aradan qaldırdığını düşünürəm. Ona görə də bu gün əsas heyətə qaytardım".