Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Mustafa Dənizli xəstəxanaya aparılıb.
Sportnet.az xəbər verir ki, 70 yaşlı mütəxəssisin səhhəti Türkiyə Super Liqasının XXIV turunda evdə “Trabzonspor”la matç zamanı pisləşib. Qan təzyiqi yüksələn baş məşqçi komandası ilə birlikdə görüşün ikinci hissəsinə çıxa bilməyib. Bu funksiyanı Dənizlinin köməkçisi Sarp Yiğit yerinə yetirib.
Xəstəxanada ilkin tibbi müayinə zamanı təcrübəli mütəxəssisin ciddi probleminin olmadığı müəyyənləşib.
Qeyd edək ki, Mustafa Dənizli xəstəxanaya aparıldığı vaxt "Trabzonspor" 2:0 hesabı ilə öndə olub. Fasilədən sonra isə "Kasımpaşa" 2 qol vuraraq, heç-heçəyə nail olub - 2:2. Bu nəticədən sonra "Trabzonspor" 37 xalla 4-cü, "Kasımpaşa" 30 xalla 11-ci pillədə yer alıb. Dənizli əvvəllər bir müddət "Xəzər Lənkəran"ın da baş məşqçisi olub.