Xorvatiya milli komandası Azərbaycan və Macarıstan yığmaları ilə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə qrup oyunları ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı hücumçu İtaliya "Fiorentina"sının son məşqlərindən birində zədələnib. Sol dizinin xaçabənzər bağlarından xəsarət alan oyunçu ən azı mövsümün sonunadək sıradan çıxıb. O, karyerasında ikinci dəfə analoji problemlə üzləşib. Daha əvvəl Pyatsa 2017-ci ilin martında sağ dizindən eyni zədəni alaraq, 7 ayadək forma geyinməyib. Vinger "Fiorentina"ya ötən yay "Yuventus"dan icarə əsasında keçib. O, cari mövsümdə 19 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliçin Pyatsanın əvəzinə ehtiyat heyətdən Bruno Petkoviçi çağıracağı və ya Mislav Orşiçlə Marko Livaya arasında seçim edəcəyi gözlənilir. Onun siyahısındakı 24 futbolçudan "Fiorentina"nın hücumçusu ilə yanaşı, İngiltərə "Liverpul"undan dəvət etdiyi Deyan Lovren də meydana çıxmayacaq. 30 yaşlı müdafiəçi UEFA tərəfindən 1 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, Xorvatiya yığması Azərbaycanla martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda, Macarıstanla isə martın 24-də Budapeştdəki "Groupama Arena"da qarşılaşacaq.