“Bizim üçün ağır oyun oldu. Rəqib hazırda yaxşı formadadır, əhval-ruhiyyələri də yüksəkdir. Çətin matç olacağını bilirdik. Çox ciddi hazırlaşmış, qələbəyə köklənmişdik. Yekunda çox vacib qələbə qazandıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis oyunun sonlarında azlıqda ikən çətinliklə üzləşdiklərini bildirib. O, baş hakim İnqilab Məmmədovun Bəhlul Mustafazadəni meydandan qovmasından narazılıq ifadə edib: "Bu qərara çox təəssüflənirəm. Referi adi mübarizə epizodunda gənc futbolçuya ikinci sarı vərəqə göstərdi. Ölkəmizdə mərkəz müdafiəçisinin az olduğu vaxtda Bəhlul Mustafazadəni milli komandaya namizəd görürəm. O, artıq formasını bərpa etməkdədir. Həm gənc, həm də təcrübəli hakimlər bir az diqqətli olmalıdır".
Qurbanov oyun zamanı gərginliyin yaşanmasının səbəbini isə belə izah edib: "Daha çox qələbəyə köklənmişdik. Xal itirmək istəmirdik. Buna görə bir az gərginlik var idi. Oyundan razı qaldım”.