Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasında XXIV turun PAOK - "Atromitos" matçını idarə edib.
Sportnet.az-ın məlumatına görə, Saloniki şəhərindəki "Tumba" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. 32 yaşlı baş hakim qarşılaşma ərzində meydan sahiblərinin lehinə 2 penalti təyin edib, qonaqların isə 1 futbolçusunu ikinci sarı vərəqə ilə meydandan qovub. PAOK 16-cı dəqiqəyə təsadüf edən ilk penaltidən yararlana bilmədiyi halda, 45+3-cü dəqiqədə şansını qaçırmayıb.
Ağayev daha 4 futbolçuya sarı vərəqə göstərib. Meydan sahiblərindən ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış etmiş Pedro Enrike xəbərdarlıq alıb. Qalan "sarı"lar isə qonaqlara göstərilib.
74-cü dəqiqədə azərbaycanlı referinin "Atromitos" lehinə penalti təyin etməməsi isə narazılıq doğurub.
Bu qələbə sayəsində xallarını 64-ə çatdıran PAOK liderliyini möhkəmlədib. 43 xala malik "Atromitos" isə 4-cü pilləyə enib.
Yunanıstan Super Liqası, XXIV tur
19:15. PAOK - "Atromitos" - 3:0
Qollar: Serjio Oliveyra, 39. Dieqo Bisesvar, 45+3. Karol Sviderski, 81
Dəqiq yerinə yetirilməyən penalti: Vyeyrinya, 16 (PAOK)
Qırmızı vərəqə: Bruno, 90 ("Atromitos")