"Oyunun əvvəlindən həyəcan var idi. Sona qədər də necə nəticələnəcəyini bilmirdik. Çox həyəcanlı idik. Çətin rəqiblə qarşılaşdıq. "Keşlə" ilə bəzi oyunlarımız alınmır. Millilərin oyunlarına görə, yaranan fasiləyə yaxşı əhval-ruhiyyədə çıxırıq. Uduzmadıq, uğurlu seriyanı davam etdirdik. Deyə bilmərəm ki, fasilənin bizə xeyri olacaq. İnanırıq ki, bu fasilədən yaxşı yararlanacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasında III dövrənin son oyununda "Keşlə" üzərində 2:0 hesablı qələbə qazandıqları oyundan sonra mətbuat konfransında deyib.
Abasov ikinci hissədə Xulio Sezar Rodrigesin ardıcıl iki penalti zərbəsini qaçırmasına da münasibət bildirib. O, bunu psixoloji gərginliklə əlaqələndirib: "İlk zərbəni qaçırdıqdan sonra penaltini başqa oyunçuya vermək Sezara "zərbə" olardı. Kənardan qışqırsan ki, sən vurma, başqa oyunçu yerinə yetirsin, bu, ona pis təsir edə bilərdi. Əcnəbidir, dilini də başa düşmürsən. Həmin an mübahisəyə səbəb ola bilərdi. Penaltini qola çevirmədiyinə görə yox, ümumilikdə oyun məni həyəcanlandırdı. Bizdə çox şey alınmırdı. Bəzi futbolçularımız həddən artıq ağır görünürdü. Buna görə məyus idim. Sevindiricidir ki, oyundan qalibiyyətlə ayrıldıq".