
"Sabah təkcə yaxşı oyun nümayiş etdirməli deyil, həm də qalib gəlməliyik. Nəticə bizim üçün önəmlidir. Qələbə Slovakiya və Macarıstanla matçlar üçün müsbət addım olacaq. Baş məşqçimiz də bizə bildirib ki, qələbə qazanmaqla rəsmi görüşlər üçün motivasiya əldə edə bilərik. Litva yaxşı komanda olsa da, favorit bizik".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Bakıda Litva ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
22 yaşlı hücumçu məşhur karikaturaçı Omar Momaninin onun rəsmini çəkməsinə də münasibət bildirib: "Onun karikatura çəkməsi heç kəsə, o cümlədən mənə pis təsir edə bilməz. Meydanda nəsə edirsənsə, karikatura çəkilməsi və ya nələrinsə yazılmasına normal baxıram".
Rusiyanın "Krılya Sovetov klubunun formasını geyinən forvard gələcək karyerasında da danışıb: "Klubla yaya qədər müqaviləm var. Qarşıda hələ 10 oyunumuz olacaq. Özümü necə göstərməyindən çox şey asılıdır. Vəziyyətə baxacağıq. Hələlik başqa klublardan təklif almamışam".