"Döyüşkən və maraqlı oyun alındı. Ciddi hazırlaşmışdıq. Azərbaycanın yaxşı futbolçulardan təşkil olunmuş komanda olduğunu gördük".
Sportnet.az xəbər verir ki, bunu Litva yığmasının baş məşqçisi Valdas Urbonas Bakıda Azərbaycan millisi ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib. 52 yaşlı mütəxəssisin sözlərinə görə, Litva yığması ilk yarıda yaxşı təsir bağışlayıb: "Məni daha çox müdafiə xətti düşündürürdü. Rəqibin hücumlarının qarşısını ala bildik. Amma öndə bir o qədər də fəallıq göstərməyi bacarmadıq. İkinci hissədə rəqib üstün oynadı. Nəticə oyuna görə oldu. Komandalar elə də ciddi qol epizodları yarada bilmədilər. Futbolçularımın çıxışından və nəticədən razıyam. Rəqib yaxşı texnikalı oyunçulara malikdir. Buna rəğmən, qapımız önündə çox sayda qol epizodu yaratmağa imkan vermədik. Bunu pressinq hesabına etməyə çalışdıq. Yığmada ikinci oyunumdur. İrəlidə daha yaxşı olacaq".
Baş məşqçi AVRO-2020-nin seçmə mərhələsinin I turunda 1:2 hesabı ilə uduzduqları Lüksemburq yığması ilə Azərbaycan millisi arasında paralel aparıb: "Bu oyunları müqayisə etməzdim. Biri rəsmi, digəri yoldaşlıq oyunudur. Təqvim o qədər də uğurlu deyildi. Azərbaycan Xorvatiya ilə görüşdə yaxşı oynamışdı. Lakin orada müdafiədən, burda hücumda oynadılar. Bakıda uduzmaq istəmirdik. Buradan heç-heçə ilə qayıtmağımıza sevinirəm. Azərbaycan millisi fərdi baxımdan yaxşı oyunçulara malikdir. Rəqibin oyunun təhlil etmək baş məşqçiyə qarşı hörmətsizlik olardı. Azərbaycan tərəfinə bu matça görə təşəkkür edir və uğurlar arzulayıram".
Urbonas litvalı olduğu halda, rusca danışmasına da aydınlıq gətirib: "Bu gün rus dilində danışıram. Çünki həm Litva, həm də Azərbaycan postsovet ölkələridir. İngilis və öz dilimizdə də danışa bilərəm. Ancaq əsas odur ki, biz bir-birimizi başa düşürük".