
"Suduva" klubunun futbolçusu Paulyus Qolubitskas Litva yığmasının heyətində ilk matçını Bakıda Azərbaycan milli komandasına qarşı keçirib.
Sportnet.az-ın məlumatına görə, "Bakcell Arena"dakı yoldaşlıq görüşünə start heyətdə çıxan 20 yaşlı hücumçu 62 dəqiqə meydanda qalıb. O, debütündən razılıq ifadə edib: "Əhval-ruhiyyəmiz sevindiricidir. Oynadığım müddətdə yaxşı çıxış etdim. Xoş haldır ki, müsbət nəticəyə nail olduq".
Qolubitskas ciddi həyəcan keçirmədiyini də vurğulayıb: "Hər bir oyunda həyəcanım 5-10 dəqiqədən sonra keçir. Baş məşqçi Valdas Urbonas dedi ki, kompakt və intizamlı şəkildə müdafiə olunmalı, aqressiv olmalı və rəqibin oynamasına maneçilik törətməliyik. Fikrimcə, bu tapşırığı yaxşı yerinə yetirdik. Üstəlik, qol vurmaq imkanımız da oldu".
Qeyd edək ki, Paulyus Qolubitskas Azərbaycanla qarşılaşmada yerini Yustinas Marazasa verib.