"Hər iki komandanın ifasında maraqlı və əzmkar oyun alındı. Rəqib bizi əks-hücumda yaxaladı. Matçın ədalətli nəticəsi heç-heçə olardı".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXII turunda evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis bildirib ki, futbolçularının çıxışından razı qalıb. O, FIFA referisi Əliyar Ağayevin idarəçiliyinə də qiymət verib: "Penalti epizoduna baxmaq lazımdır. Hakimlərimiz həddindən artıq fit çalır. Bəzən bu fit birtərəfli olur. Ona görə narazılıq edirdim".
Baş məşqçi matçın 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edən qapıçı Kamran Ağayevin də durumuna aydınlıq gətirib: "Onun sol əlində çat var. Artıq gipsə qoyulub. Yəqin ki, uzun müddət bizimlə olmayacaq".