
"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Marko Deviçlə əməkdaşlığa başlamalarının tarixçəsindən danışıb.
Ukraynanın tanınmış futbol şərhçisi Viktor Vatskoya müsahibəsində o, əvvəlcə klub barədə məlumat verib. “Klubu 2018-ci ildə təsis etmişik. Planımız bir neçə mövsüm I Divizionda çıxış etmək, təcrübə topladıqdan sonra Premyer Liqaya yüksəlmək idi. Yekunda 5-ci yeri tutduq. Amma elə alındı ki, bizdən qabaqda olan 4 klubdan heç biri lisenziyalaşmadan keçə bilmədi. Bizə təklif gəldi və imtina etmədik” deyə o bildirib.
Klub rəhbəri tanınmış futbolçunu Azərbaycana gəlməyə necə razı saldığını da deyib. O, "Marko Deviçin pasportu haradadır, onu burada necə saxlayırsınız" sualına belə cavab verib: Biz bu mövsüm qarşımıza qoyulan məqsədə uyğun mərkəz hücumçusu axtarırdıq. Məqsəd isə ilk "üçlüy"ə düşmək deyil. Ona görə də futbolçularla 2-3 illik müqavilə bağlayırıq. Mərkəz hücumçusu baxımında müxtəlif variantlarımız vardı. Mənə dedilər ki, Marko Deviçin müqaviləsinin müddəti başa çatır. Zamanında onun oyunlarını izləmişdik. Klubumuzda başqa bir ukraynalı futbolçu - Vitali Kvaşuk da vardı. Türkiyə toplanışı vaxtı ondan Deviçi tanıyıb-tanımadığını soruşduq. Cavabı "bəli" oldu. Dedi ki, tanıyıram, amma Bakıya gəlməyəcək. Nömrəsini verdi, zəng vurdum. Təxminən bir saat danışdıq. Klubdan, akademiyadan bəhs etdik. Ona bildirdim ki, bizə təcrübəli hücumçu lazımdır, özü də bir illik yox. Bildirdi ki, fikirləşəcək. Toplanışın sonlarında zəng vurdu, Bakıda görüşdük. Ona burada təxmini hansı məbləğə oynayacağını demişdim. Pulun onun üçün ən başlıca sual olduğunu düşünmürəm. Maaşı ilə bazarlıq etmədi. O, belə kateqoriyaya aid insanlardan deyil. Buranın onun üçün yeni çağırış olduğunu düşünürəm. Bakının gözəl şəhər olduğunu bilirdi. Bakıya gəldi, planlardan, klubdan ölkədən danışdıq”.
Qeyd edək ki, Premyer Liqada 22 turdan sonra Marko Deviçin hesabında 7 qol var.