"Dünyada gördüklərimi Azərbaycan və Yaponiyada keçirdiyim illər zənginləşdirdi. Bu ölkələrdəki illərimi bütün dünyaya görə əldən vermək istəmədim".
Sportnet.az xəbər verir ki, bunu yenidən Hollandiya "Feyenoord"una qayıdan "Qəbələ" Futbol Akademiyasının keçmiş direktoru Stenli Brard deyib. 61 yaşlı funksioner Azərbaycanda keçirdiyi illərindən danışıb: "Əvvəlcə həyat yoldaşım Azərbaycana getmirdi. Amma oraa həyat o qədər yaxşı idi ki, xanımım 2,5 ildən çox mənimlə birgə oldu. Fantastik zaman keçirdik. Biz kurort şəhərində yaxşı evdə qalırdıq".
Brard öz ideyalarını "Qəbələ"yə aşıladığını da vurğulayıb: "Orada hər şey ideal təşkil olunmuşdu, şərait yaxşı idi və işimiz gənclər akademiyası yaratmaqdan ibarət idi. İşimin nə dərəcədə uğurlu alınıb-alınmadığına gəldikdə, bunu mən söyləyə bilmərəm. Belə deyək: 2013-cü ildə "Feyenoord"u tərk edəndə gözlərimdə yaxşı bünövrə var idi. Eyni hisslər "Qəbələ"dən ayrılanda da mənə hakim kəsilmişdi. Mən orada yaxşı struktur yaratdım və gənclər akademiyasındakı məşqçilərə öz futbol baxışımı ötürə bildim".
Qeyd edək ki, Stenli Brard "Qəbələ" Futbol Akademiyasına 2013-cü ilin aprelindən 2015-ci ilin dekabrınadək rəhbərlik edib.