“Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatıb. Klubun əməkdaşlarına, oyunçularına və ən əsası, azarkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edir və bilirəm ki, onlar daha böyük uğurlar qazanacaqlar".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin prezidenti vəzifəsindən istefasını şərh edən Tale Heydərov klubun rəsmi saytına açıqlamasında deyib. O bildirib ki, klubun son illərdəki ən böyük uğurlarından biri "Qəbələ" Futbol Akademiyasının açılışı olub: "2009-cu ildə fəaliyyətə başlayan akademiya hazırda Azərbaycanın U-21 millisinin oyunçu təlabatının 40 faizini təşkil edir və digər yaş qrupları üzrə Azərbaycan milli komandalarının əsas gənc oyunçu təminatçısıdır".
Qeyd edək ki, Tale Heydərov "Qəbələ" İdman Klubu prezidenti vəzifəsindən aprelin 10-da istefa verib. Onun 13 il bu vəzifəni icra etdikdən sonra vəzifəsindən istefa qərarını indi verməsi kluba 2019/2020 mövsümü üçün rəhbərlik dəyişikliyini rahat reallaşdırmaq imkanı verir. T.Heydərovun rəhbərliyi altında "Qəbələ" klubu kiçik təməldən başlayaraq Azərbaycan Premyer Liqasına yüksəlməklə ölkənin ən iddialı komandalarından birinə çevrilib. "Qəbələ" Azərbaycan üçün rekorda imza ataraq iki il ardıcıl ilk mərhələdən başlayaraq UEFA Avropa liqasının qrup mərhələlərinə yüksəlib.