AFFA "Keşlə" klubunun qapıçısı Kamran Ağayevi reklam çarxına Azərbaycan milli komandasının formasında çəkən tikinti şirkətinə etirazını bildirib.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, video-çarxda Ağayevin geyindiyi formada qurumun rəsmi qeydiyyatdan keçmiş əmtəə nişanı olan AFFA-nın loqosundan istifadə olunub: "Mövcud qanunlara əsasən, AFFA-nın əmtəə nişanından təşkilatın razılığı olmadan istifadə etmək olmaz. Biz də bununla bağlı həmin şirkətə narazılığımızı çatdırmışıq. Bildirmişik ki, sizin videoda AFFA ilə razılaşdırılmamış, bizə məxsus olan nişandan istifadə olunub. Məsələ bundan ibarətdir. Tikinti şirkətinin rəsmisi millinin keçmiş baş məşqçisi ilə bağlı məsələni qabardıb. Bunun heç bir əsası, məsələnin ona aidiyyatı da yoxdur".
Məhkəməyə müraciət etmədiklərini bildirən F.Abdulla "Bizim tələbimiz ondan ibarətdir ki, icazəmiz olmadan reklam videosunda əmtəə nişanımız istifadə olunmasın. Videonun yayımlanmamasını tələb etmişik. Yenə yayımlanacağı təqdirdə, atılacaq addımlarla bağlı ictimaiyyətə məlumat verəcəyik" deyib.