"Qəbələ" Futbol Akademiyasının 13 yetirməsi Azərbaycan Kubokunun finalınadək irəliləməyi bacarıb.
Sportnet.az-ın məlumatına görə, onlar təkcə "Qəbələ"nin yox, "Sumqayıt"ın da heyətində yer alıb. Naxçıvanda keçirilmiş həlledici qarşılaşma zamanı "qırmızı-qaralar"ın start heyətində Elvin Camalov, Bəhlul Mustafazadə, "gənclik şəhəri" təmsilçisinin "11-liy"ində isə Yusif Nəbiyev forma geyinib. Sonradan komandaların hərəyə bir oyunçusu - müvafiq olaraq, Rövlan Muradov və Ülvü İsgəndərov da meydana çıxıb.
"Qəbələ"dən Qismət Alıyev, Roman Hüseynov, Vüsal Məsimov, Rüstəm Nuruyev və Samir Qurbanov, "Sumqayıt"dan isə Baxşəli Baxşalıyev sonadək ehtiyatda qalıb.
Onlardan əlavə, komandalardan cəzalı Amin Seydiyev və Ehtiram Şahverdiyev finalda iştirak edə bilməyib.
Qeyd edək ki, görüş "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.