"Hər iki milli komanda üçün qarşıdakı rəsmi matç öncəsi vacib hazırlıq matçı idi. Çoxlu futbolçunu iş başında gördük. Bizi indi seçmə mərhələdə ilk qarşılaşma düşündürür, sonra növbəti oyunlara baxacağıq. Bəli, məni təlim-məşq toplanışının gedişatı sevindirir. Demək olar iki həftədi bir yerdəyik. Futbolçular verilən bütün tapşırıqları yerinə yetirmək üçün böyük səylə çalışırlar. Bu, kənardan görünür. Azərbaycanın əsas yığmasına yaxşı oyun və qələbələr arzulayıram. Yetirmələrimə arzu edərdim ki, onlar hər iki hissədə belə güclərini ortaya qoysunlar. Bəzən bu, alınmır. Bilirsiniz, yaxşı komandalara qarşı da oynayırsan və özünü həmişə yaxşı tərəfdən göstərə bilmirsən. Buna baxmayaraq, bu hazırlıq matçı bizim üçün önəmli idi. Bilirsiniz ki, bizdə belə yaxşı rəqiblə qarşılaşmalar az olur. Buna görə də futbolçular oyundan zövq aldı.
Sportnet.az xəbər verir ki, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç yoxlama matçında əsas yığmaya 0:3 hesabı ilə uduzduqları görüş barədə danışarkən deyib.
Serbiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Hazırda komandanızda əsas çatışmazlıq varmı ki, o, sizi narahat edir?
- Bunu açıqlaya bilmərəm. Çünki rəqiblər bunu eşidə və istifadə edə bilərlər (gülür). Onlar bu müsahibəni oxusalar və çatışmazlığı desəm, onda bizmlə qarşılaşmada ondan yararlana bilərlər.
- Yaxşı, sualı onda belə qoyaq: komandanızın hansı üstün keyfiyyətkərini qeyd edə bilərsiniz ki, bu, sizdə nikbinlik yaradır?
- Futbolçular üzərilərinə düşən vəzifəni yaxşı bilirlər. Bu, taktiki nizam-intizam idi ki, yenə də yüksək səviyyədə idi. Bu, irəli gedə biləcəyimiz yeganə yoldu. Bəli, çətinliklər var. Başa düşürəm ki, iki həftədi toplanışda durmadan çalışırıq. Çox ağır məşqlər gedir. Son ötürmə bizdə çatmırdı. Bu da zamanla işin gedişatı nəticəsində gələcək. Futbolçuların meydandakı işindən razıyam və bu, nəticə verir.
- Yəqin ki, rəqibi analiz etmisiniz. Yığmamızda debüt matçını keçirəcəyiniz Lixtenşteynlə səfər matçında qələbə şanslarınız nə dərəcədə yüksəkdi?
- İlk növbətə texnika-taktika üzərində işləyirik və bir az mentaliteti dəyişirik. İstəyirik ki, yaxşı oynayaq, hər qarşılaşmada irəli gedək. Hər oyunda özümüzü yaxşı göstərmək istəyir ki, bu zaman rəqibin buna nə qədər imkan verməsini də nəzərə alırıq. Lixtenşteynə 3 xalımızı götürməyə gedirik. Fikrimcə, rəqibdən daha yaxşıyıq. Ancaq bunu hələ sübut etməliyik.
- Əsas yığmamızdan hansısa futbolçu rəsmi oyunda sərəncamınıza gələ bilər? Məsələn, Renat Dadaşov...
- Yox, Renat bu dəfə əsas yığmanın sıralarında olacaq.