
Azərbaycan milli komandasının sabiq futbolçusu Bəxtiyar Musayev Autocity.az-ın "Onun arabası var" layihəsi üçün sualları cavablandırıb...
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Neçə yaşınızdan maşın sürməyə başlamızınız?
- 17-18 yaşında olarkən ilk dəfə məndə maşına maraq yaranıb. 1994-cü ildən avtomobil sürməyə başlamışam. O vaxtlar "Turan" komandasına dəvət alarkən avtomobil əsas şərtlərimdən biri idi. Klubun prezidenti Vidadi Əhmədov bu şərtimi qəbul etmişdi. Lakin UEFA Kubokunda "Fənərbağça" ilə Türkiyədəki oyundan sonra özümü narahat hiss edirdim. Ona görə də maşını qaytardım. Sonradan baş məşqçi Kazbek Tuayev təkid etsə də, qəbul etmədim. "Neftçi"yə keçdikdən sonra da mənə "VAZ 2107" avtomobili hədiyyə etdilər.
- Bəs "Turan"da olarkən hansı avtomobildən istifadə edirdiniz?
- "Turan"da mənə "VAZ 2106" avtomobilini hədiyyə etmişdilər.
- Hansı maşını daha çox müddət sürdünüz?
- "VAZ 2107"ni. Lakin bu maşın elə də düşərli olmadı. 2 dəfə qəzaya uğradım. Hətta bu hadisələrdən birində Biləcəridə avtomobilim aşmışdı. Xoşbəxtlikdən, çox ciddi xəsarət almadım. Ancaq qaşım partlamışdı, bir də burnum əzilmişdi.
- İçkili halda maşın sürmüsünüzmü?
- Əslində içki aludəçisi olmamışam. Yalnız 1 dəfə kiminsə ad günündə şampan içmişəm. Bir neçə saat sonra maşına oturmuşam, o da ki, yaxın məsafəyə sürmüşəm. İçkiylə çox aram olmayıb.
- İçkili maşın sürməyə necə baxırsınız?
- Pis baxıram, bu, doğru deyil. İçkili olanda adrenalin artdığından, normalda etməyəcəyin şeyləri edə bilirsən. Nəinki maşın sürmək, eləcə də danışdıqların arasında da fərq olur. O ki qaldı maşın idarə etmək, o artıq hər an böyük təhlükədir. Ona görə içkili maşın idarə etmək qəti qadağandır.
- Ümumiyyətlə, neçə maşınınız olub?
- "07"dən sonra özüm "099" almışdım. Sonra "Xəzər Lənkəran" mənə karyeramı qurtardığım üçün "Hyundai Sonata" hədiyyə etdi. "Neftçi"də futbolu bitirdikdən sonra "Xəzər Lənkəran"dan məşqçilik təklifi aldım. Həmin il kubok qaldırdığımıza görə məni ofisə çağırdılar və hədiyyələrini verdilər. Bu, mənim üçün çox xoş oldu.
- "Xəzər Lənkəran" dönəmində müəyyən qədər Mübariz Mənsimovu da tanımısınız. O dövrdə mükafat olaraq ən çox hansı hədiyyələr verilirdi?
- Əsasən pul mükafatı verilirdi. Özümdən başqa, xatırlamıram ki, kiməsə maşın hədiyyə edilsin. Əsasən oyunlara pul mükafatı təyin edirdilər. Yəqin, mən futbolu bitirdiyim üçün avtomobil almışam. Mübariz Mənsimov isə çox səxavətli və vətənpərvər insandır. Onun haqqında yalnız yaxşı sözlər demək olar.
- Ən çox mükafat hansı oyuna verilib?
- Səhv etmirəmsə, Birlik Kubokunu qazandığımız vaxt 600 min manata yaxın mükafat təyin edilmişdi. Bundan başqa, 2007-ci ildə çempion olarkən daha artıq mükafat verildi və hətta Lənkəranda möhtəşəm konsert keçirildi.
- Ən son maşınınız elə o oldu?
- Bəli, onu da 3-4 il olar ki, satmışam. "Neftçi"də işləyəndə də o maşını sürürdüm. 32 yaşımda karyeramı bitirdim və hamı məndən niyə tez bitirdiyimi soruşurdu. Futbolu qurtarandan sonra böyük pullar gəldi.
- "Neftçi"də işləyərkən maşın almaq fikrinə düşməmisiniz?
- İstəmişəm, amma çox həvəsim olmayıb. Həmin ərəfələrdə mənzil aldım. Yəni, çox böyük maşın düşkünü olsaydım, ala bilərdim.
- Bəs "Hyundai Sonata"nı satmağa səbəb nə oldu?
- Düzü, eşitmişdim ki, bu maşınlarda 100 min kilometr sürüləndən sonra problemlər yaranır. Məndə də 60 min sürülmüşdü. Dedim ki, satım, daha yaxşısını alaram. Daha sonra mükafatlarda kəsildi. Sadıq Sadıqov da "Neftçi"nin prezidentliyindən istefa verəndən sonra vəziyyət dəyişdi. Pul isə xərclənib getdi. Ev almaq üçün kredit götürmüşdüm, əsas ona xərcləndi. O gündən bəri maşın almamışam.
- Maşınsızlıq narahatlıq yaratmır?
- Maşınsızlıq rahat da deyil, amma o qədər də əziyyət vermir. Çox ağırlığı olmur. Lazım olanda taksi xidmətlərindən istifadə edirəm və qiymətlər də münasibdir. Daha Biləcəridə qalmıram, mərkəzə yaxın yerdə oluram.
- Sizcə, Azərbaycan futbolunda ən yaxşı maşın kimdə olub?
- O vaxtlar Yunis Hüseynovla Vadim Vasilyevin yaxşı avtomobilləri var idi. İndiki dövrdə isə gənclər daha yaxşılarını sürürlər. Allah bundan artıqlarını da qismət eləsin. Rəşad Sadiqov və Mahir Şükürovun yaxşı maşınları olub. Cavid İmamverdiyev isə tez-tez baha maşın alıb, ucuz satırdı.
- Yaxşı pullar futbolçuları işindən soyudurmu?
- Hamıya şamil etmək olmaz. Elələri var ki yaxşı maşını da olur, çıxır oyununu da ortaya qoyur. Futbolçuda maşının olması vacibdir. Çünki çox ağır işdir. Elə vaxt olur ki, yaxınlarına vaxt ayıra bilmirsən. Həmçinin başqa peşələrdə çalışanlar 60 yaşına kimi işləyə bilir, lakin futbolçular 10 il ərzində nə qazanırlarsa, ömürlərinin axrına kimi bunu xərcləyirlər. Hamı da məşqçi ola bilməz axı?! Digər peşələrə də hörmətim çox böyükdür, ancaq mən qısaca olaraq futbolçunun həyatını sizə danışdım.