
“Bolu toplanışında ikinci oyunumuz idi. İlk matça nisbətən daha çox səhv buraxdıq. Bunlar qapımıza qol vurulması ilə nəticələndi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Türkiyədə Ukrayna "Vorskla"sına 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. Gənc mütəxəssis bildirib ki, belə səhvlərin hazırlıq oyunlarında olması toplanış müddətində onları aradan qaldırmaq və bir daha təkrarlanmaması baxımından yaxşıdır.
O, ikinci hissədə yağışlı hava ilə əlaqədar oyunun sürətinin də artdığını diqqətə çatdırıb: "20-25 dəqiqə topa komandamız nəzarət etdi. Lakin qol vura bilmədik. Hərçənd, bunun üçün imkanlarımız da var idi. Futbolçularımız istədiyimiz elementləri yerinə yetirməyə çalışdılar".
Qurbanov iyulun 17-də nəzərdə tutulan son matçda tam heyətlə oynamağa çalışacaqlarını da əlavə edib: "Yeni futbolçularımız Klesio və Kristian bu gün 25-30 dəqiqə oynadılar. Vaxtımız az olduğu üçün onların qısa müddətdə komandaya uyğunlaşmasına çalışacağıq. Onlar tam formalarını bərpa edə bilməsələr də, bu mərhələ üçün optimal duruma düşmələrinə nail olmalıyıq. Çünki ayın 25-dək komanda tam formalaşmalıdır”.