"Hesab yenə 3:2 olsa da, mən belə emosiyaları yaşamaq istəməzdim. 70-ci dəqiqədən sonra rəqibin təşəbbüsü ələ aldığı fikri ilə razılaşmıram. Buraxdığımız qollardan nəticə çıxarmalıyıq".
Sportnet.az-ın Rumıniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Universitatya"nın baş məşqçisi Korneliu Papure evdə "Səbail"ə qarşı keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis bildirib ki, oyundan narazı azarkeşlər səbirsiz olduqları qədər möhtəşəmdirlər: "Çalışacağıq ki, nəticələri daha da yaxşılaşdıraq və onları məmnun edək".
Papure 2 oyuna 3 qol vuran "Səbail"in hücumçusu Ağabala Ramazanov barədə də fikirlərini bölüşüb: "O, çox yaxşı oyunçudur, texnikalıdır. Ona çox yaxşı karyera və bol qollar arzulayıram".