"Rəqibin qadın futbolunda hansı mövqedə olması hamıya bəllidir. Bütün oyun ərzində böyük təzyiq altında olacağımızı bilirdik. Oyun elə gözlədiyimiz məcrada da keçdi".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərov səfərdə İspaniya yığmasına 0:4 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib. Gənc mütəxəssisin sözlərinə görə, uzun müddətdən sonra keçirdikləri ilk rəsmi qarşılaşma güclü komandaya qarşı olub: "Rəqibimizin bir çox oyununu təhlil etmişdik. Hadisələrin axarı bizim üçün gözlənilməz deyildi. Qapıçımız Aytac Şərifovanın oyununu xüsusi qeyd etməliyəm. Doğrudur, müəyyən səhvlərə yol verdik və buna görə qapımızda qollar gördük. Bununla belə, qapıçımızın çox yaxşı çıxış etdiyini qeyd etməliyəm. Uzun müddətdən sonra ilk dəfə qadınlardan ibarət milli komandamız rəsmi oyuna çıxdı. Özü də belə bir güclü rəqiblə qarşı və böyük azarkeş dəstəyinin müşayiəti ilə. Təbii ki, bu atmosferdə oynamaq komandamız üçün çətin idi".
Əsgərov bu oyunun komandası üçün güclü təzyiqə uyğunlaşma və böyük təcrübə baxımından əhəmiyyətli olduğunu əlavə edib.
Qeyd edək ki, İspaniya ilə matç La Coruna şəhərindəki “Estadio Municipal de Riazor” stadionunda keçirilib.