“Xorvatiya ilə səfərdə əldə olunacaq qalibiyyət belə, irəliləyəcəyimizə təminat vermir. Azərbaycana qarşı keçirəcəyimiz həddindən artıq çətin oyunu da unutumamalıyıq”.
Sportnet.az-ın məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Stanislav Lobotka noyabrın 16-da səfərdə Xorvatiya, 3 gün sonra isə evdə isə Azərbaycan millilərinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə matçları barədə danışarkən deyib.
İspaniyanın “Selta” klubunun formasını geyinən 24 yaşlı yarımmüdafiəçi yalnız öz oyunlarına köklənməli olduqlarını bildirib. Bununla belə, iyunun 11-də Azərbaycan millisini Bakıda 5:1 hesabı ilə məğlub etdikləri matçın 8-ci dəqiqəsində hesabı açan Lobotka Uels – Macarıstan görüşünün heç-heçə ilə yekunlaşmasını arzuladığını vurğulayıb: “İdeal ssenari irəli getməkdir. Riyekada istər məğlubiyyət, istərsə də qələbə təqdirində, yalnız mövqeyimizi yaxşılaşdıracağımız halda xoşbəxt olacağam. Fikrimi öz oyunumuza yönəltmişəm, paralel keçəcək Uels – Macarıstan görüşü məni yayındırmayacaq. Əlbəttə, həmin matçdakı heç-heçə bizə kömək edəcək. Lakin biz yalnız öz oyunlarımıza köklənəcəyimiz halda, digər nəticələrdən asılı olmayaraq irəliləyəcəyik və məqsədimizə çatacağıq”.
Qeyd edək ki, Xorvatiya hazırda 14 xalla E qrupunun lideridir. Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin noyabrın 16-da qəbul edəcəyi Slovakiya yığması isə 10 xalla 3-cü sıradadır. Macarıstan 12 xalla 2-ci sırada qərarlşasa da, ehtiyatda cəmi 1 oyunu var. Marko Rossinin baş məqçi olduğu komanda noyabrın 19-da Uels səfərində xal itirsə, slovakiyalıların işi asanlaşacaq. İstənilən halda, Pavel Hapalın rəhbərlik etdiyi yığma növbəti 2 dueldən qalib ayrılsa, AVRO-2020-yə vəsiqə qazanacaq.