"İlk oyun üçün istəyimiz fiziki yüklənməni meydanda tətbiq etmək idi. Ümumən götürsək, buna nail ola bildik. Sadəcə, adi epizodlarda top itkilərinə yol verdiyimizə və müdafiədə həddən artıq lazımsız səhvə yol verdiyimzə görə məyus olduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov Antalyadakı təlim-məşq toplanışı zamanı Türkiyə "Umraniyespor"una 0:3 hesabı ilə uduzduqları ilə yoxlama matçı barədə danışarkən deyib. Gənc mütəxəssis səhvlərin taktiki deyil, fərdi-texniki xarakterli olduğunu bildirib: "Belə çatışmazlıqlara görə nəticə belə oldu. Ancaq hesaba baxmayaraq, bu oyun üçün qarşıya qoyduğumuz planı yerinə yetirə bildik. Nəzərə alaq ki, ağır fiziki yüklənmələrlə məşq edirik. Futbolçuların bir qədər yorğun görünməsi normaldır. Rəqib komandada isə fərqli idi, “Ümraniyespor” tam hazır, formasının pikindədir, bir neçə gün sonra onların liqası başlayacaq. Biz isə hələ yüklənmələrin əvvəlindəyik".
Qeyd edək ki, bu, "Zirə"nin ilk yoxlama oyunu olub.