Dünya çempionatının elit-raundunda Rusiya üzərində 4:3 hesablı qələbənin qazanıldığı oyun Azərbaycan milli komandası üçün ilklərlə əlamətdar olub.
Sportnet.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, şimal qonşular üzərində ilk qələbə kimi tarixə düşüb.
Yanvarın 30-da Xorvatiyanın Osiek şəhərindəki Qradsk Arena”da keçirilmiş matçda Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv həm də bu rəqiblə duellərdəki uğursuzluğa son qoyub. Dünya futzalının liderlərindən olan Rusiya ilə indiyədək 8 qarşılaşma baş tutub. Bu oyunlarda Azərbaycan millisinin ən böyük uğuru heç-heçə olub. 7 dəfə uduzan yığma dəfələrlə böyük hesabla darmadağına üzülüb. Bu dəfə isə tarixdə ilk dəfə Rusiya məğlub edilib.
Əvvəlki 8 oyundan 2-si yoxlama oyunu, 2-si beynəlxalq turnirdə olubsa, 4 görüş rəsmi xarakterli böyük yarışların seçmə, final və pley-offuna təsadüf edib.
Daha bir ilk isə odur ki, Rafael Vilela millinin heyətində rəsmi oyunlarda qol hesabını açıb. Hücumçu buna Rusiya millisinin qapısına ilk qolu vurmaqla nail olub. Vilela 2017-ci ildə İranda təşkil edilmiş beynəlxalq turnirdə ilk dəfə yığmanın formasını geyinib. O, turnir zamanı Rusiya, İran və Qazaxıstanla oyunların hamısında fərqlənib.
20.01.2001. YO. Rusiya – Azərbaycan – 6:1
21.01.2001. YO. Rusiya – Azərbaycan – 10:1
27.01.2004. AÇSO. Rusiya – Azərbaycan – 5:0 /Serbiya/
27.03.2012. DÇSO-P. Azərbaycan – Rusiya – 2:3
09.04.2012. DÇSO-P. Rusiya – Azərbaycan – 2:2
09.02.2016 AÇ. Azərbaycan – Rusiya 2:6 /Serbiya/
04.12.2017. BT. Rusiya – Azərbaycan – 4:3 /İran/
22.09.2019. BT. Azərbaycan – Rusiya – 1:2 /Rusiya/
30.01.2020. DÇSO. Azərbaycan – Rusiya – 4:3 /Xorvatiya/