
"İrana koronavirus gələndən camaat bir-birinə yaxınlaşmır ki, bu xəstəliyə yoluxmasınlar".
Sportnet.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Sumqayıt" klubunun iranlı futbolçusu Peyman Babayi deyib. 26 yaşlı hücumçu bildirib ki, valideynlərinin yaşadığı Təbrizdə hələ bu xəstəliyə rast gəlinməyib: "İranda koronavirusun yayıldığı əsas şəhər Qumdur. Tehran, İsfahan, Save, Şumal kimi şəhərlərdə də bu xəstəliyə yoluxma halları aşkarlanıb. Xoşbəxtlikdən, Təbrizdə hələ bu cür xəstəlik yoxdur. Hər halda, belə eşitmişəm. İnanıram ki, xəstəliyin miqyası böyüməyəcək və tezliklə də aradan qalxacaq".
Babayini sözlərinə görə, koronavirusun yayılması üzündən İranda Novruz bayramı ərəfəsində hamının alış-verişinə böyük zərər dəyib: "Əvvəllər bayramdan əvvəl insanlar alış-verişlə, evlərinin təmizliyi ilə məşğul olardılar. Amma indi heç kim çölə çıxmır. Bu virusun bütün ölkələrdə yayılması çox böyük dərddir. Allah hamımızın köməyi olsun. Ümidvaram ki, həkimlər tezliklə bu xəstəliyin də dərmanını tapacaqlar".
Qeyd edək ki, hazırda Peyman Babayi 7 qolla Azərbaycan Premyer Liqasının ən yaxşı bombardirləri sırasında yer alıb.