"Bizdə baş məşqçi, hansısa ad barədə konkret məlumat yoxdur".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev deyib. Təcrübəli mütəxəssis bildirib ki, Azərbaycan millisinin baş məşqçi vəzifəsinə əvvəlki namizədlərin siyahısında dəyişiklik ola bilər: "Əvvəllər bəzi namizədlər var idi. Siyahı hər gün dəyişə bilər. Millinin yeni baş məşqçisi əcnəbi də ola bilər, yerli də. Yığmaya 100 faiz əcnəbi mütəxəssisin başçılıq edəcəyi dəqiq deyil. Məsələyə İcraiyyə Komitəsinin iclasında yenidən baxılacaq. Hələ heç nə qəti deyil. Tam səmimi deyirəm ki, bizdə nə tarix, nə də ad barədə dəqiq məlumat var".
Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov klubsuz qalmasından gileylənərək, veteranları da bu məsələyə biganəlikdə suçlayıb. 30 yaşlı hücumçunu ölkə futboluna qazandıran məhz Ş.Diniyev olub. 53 yaşlı mütəxəssis 2005 - 2007-ci illərdə milliyə başçılıq edərkən onu 16 yaşında yığmaya cəlb edib. Ş.Diniyev Cavadovu yaxşı tanıyan məşqçi kimi onun tez-tez komanda dəyişməsinin, hazırda isə klubsuz qalmasının xarakteri ilə bağlı olmadığını vurğulayıb: "Bütün futbolçularda müsbət və ya mənfi xarakter var. Biri emosional, biri sakit olur. Ən böyük futbolçuların belə şıltaqlıqları var. Əsl oyunçularda bu, normal haldır. Ən əsası, onun futboluna baxmaq lazımdır. Bacarığı varsa, digər məsələlərin dəxli olmamalıdır. Bunu tək Vaqif yox, bütün futbolçular haqqında deyirəm. Baş məşqçi kimini sığallaya-sığallaya, kimini də döyə-döyə oynadır. Hər bir futbolçuya yanaşma tərzi fərqlidir və hər bir futbolçunun öz xarakteri olur. Çünki müxtəlif ailələrdən gəlirlər. Hansısa futbolçunun kənarda qalması kaprizə görə deyil. Mənim deyib-deməməyimdən asılı olmayaraq, Vaqif yüksək səviyyəli oyunçudur, ölkə xaricində çıxış edib. Alınıb-alınmaması ikinci məsələdir. Baş məşqçiyə, klub rəhbərliyinə futbolçunun oyunu lazımdır. Vaqif futbolsuz qalmamalı, oynamalıdır. Niyə də hansısa Premyer Liqada klubunda çıxış edib xeyir verməsin?! Dünənki futbolçu deyil ki... Ola bilsin, yenidən adaptasiya olmasına 1-2 ay lazım gəlsin. Bundan sonra niyə də oynamasın?! Məgər, Vaqifin futbol biliyi yoxdur?!".
Ş.Diniyev oğlu Coşqun Diniyevin "Sabah" klubunda çox vaxt ehtiyatda qalmasına da münasibət bildirib: "Əlbəttə, Coşqunun az oynaması ata kimi mənə pis təsir edə bilər. Amma özüm futbolun içində olan adamam. Bilirəm ki, hər birinin şansı var. Bu gün oynamırsa, sabah oynaya bilər. Birinci növbədə, xarakter olmalıdır. Futbol elədir ki, öz şansını, vaxtını gözləməlisən. Ola bilər ki, özü ehtiyatda qalmasından narazıdır. Amma mənə şikayətlənmir. Məhkəmə orqanı deyiləm ki, o şikayətlənsin, mən də məsələ qaldırım (gülür). Son vaxtlar şans qazanır. Ümid edirəm ki, oynayar".