
"Sabah" klubunun Müşahidə Şurasının üzvü və Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov “Report”un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- İspaniyada koronavirusla bağlı ümumi vəziyyət necədir?
- Malaqa əyalətində hər şey qaydasındadır. Yavaş-yavaş normal həyata qayıdırıq. Artıq kafelər, kiçik restoranlar açılıb. Kafelərə daxil olub bir fincan qəhvə içmək xoş təsir bağışlayır. Addım-addım adət etdimiz həyat tərzinə qayıdırıq. Yay mövsümünün necə keçəcəyi, turizmlə bağlı məsələlər isə hələ məlum deyil.
- İspaniya La Liqasında qeyri-müəyyənlik davam edir. Çempionatın bərpa olunacağına inanırsınız?
- La Liqa barədə nə deyəcəyimi bilmirəm. Bu, elə də sadə sual deyil. Çox güman ki, cari mövsümü başa çatdırmaq mümkün olmayacaq.
- Bu gün Avropanın yoluxma və ölüm faizi yüksək olan bəzi ölkələri çempionatlarını bərpa edir. Sizcə, Azərbaycan Premyer Liqası niyə başlamır?
- Düşünürəm ki, tezliklə Azərbaycan Premyer Liqası ilə bağlı qərar qəbul olunacaq. Çoxları kimi mən də çempionatın idman prinsipləri əsasında başa çatdırılmasının tərəfdarıyam.
- Çempionatın bərpası üçün hansı təklifi irəli sürərdiniz?
- Buna səlahiyyətli qurumlar qərar verəcək. Şübhəsiz ki, bu zaman hər şey nəzərə alınacaq. Düşünürəm ki, Premyer Liqa barədə tezliklə qərar veriləcək.
- Mövsüm ləğv olunsa, avrokuboklara vəsiqələrin hazırkı yerlərə əsasən verilməsini məqsədəuyğun sayırsınız?
- Yaranmış vəziyyətlə əlaqədar belə bir qərar verilsə, buna anlayışla yanaşılmalıdır.
- "Sabah" "Qəbələ"dən gənc müdafiəçi Amin Seydiyevi heyətinə qatdı. Bu transferə münasibətiniz necə oldu?
- Amin gənc və perspektivli futbolçudur. Özünü çempionatda və gənclər yığmasında yaxşı tərəfdən göstərdi. Hesab edirəm ki, komandaya xeyir verəcək. Ona və komandaya uğurlar arzu edirəm.