AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov videokonfrans vasitəsilə futbol veteranlarına yardım kampaniyasının iştirakçısı olmuş könüllülərlə ünsiyyətdə olub.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, E.Məmmədov fəal iştirakları ilə əlaqədar könüllülərə AFFA rəhbərliyi adından təşəkkürünü bildirib.
İcraçı vitse-prezident qeyd edib ki, 2020-ci il dövlət başçısının sərəncamı ilə “Könüllülər ili” elan olunub və gənclərin bu prosesdə iştirakı, könüllü kimi AFFA-nın yardım kampaniyasına öz töhfələrini verməsi təqdirəlayiq haldır.
Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara uyğun olaraq tətbiq edilən karantin müddətində AFFA yaşı 65-dən yuxarı olan bir neçə futbol veteranına həftədə 2 dəfə zəruri gündəlik tələbat malları ilə yardım edib. Yardımın çatdırılması AVRO-2020-nin könüllüləri vasitəsilə həyata keçirilib.
Yardım kampaniyasında iştirak etmiş hər bir könüllü sertifikatla təltif olunub və videkonfrans zamanı həmin sertifikatların yaxın günlərdə könüllülərin ünvanlarına çatdırılacağı bildirilib.