"Qarabağ"ın yeni transferi Uroş Matiçə keçmiş kapitanı Rəşad Sadıqovun forma nömrəsi verilə bilər.
Sportnet.az-ın məlumatına görə, serb əsilli makedoniyalı yarımmüdafiəçi əvvəlki klubu Kipr APOEL-ində 14 nömrəli formada çıxış edib. APOEL-in yeni transferi Ben Sahar Matiçin gedişinə ən çox sevinənlərdən biri olub. Çünki o, çox sevdiyi nömrəyə yiyələnəcək.
Elə Matiçin də "Qarabağ"da 14 nömrəli formanı geyinəcəyi istisna deyil. Hərçənd, o, Danimarka "Kopenhagen"ində olarkən, 8 nömrəli forma ilə çıxış edib. Bu forma da Miçel Madera "Qarabağ"dan getdiyi üçün boşdur. Artıq Bakıda olan 30 yaşlı orta sahə oyunçusu ilə 2+1 illik müqavilə bağlanılacaq.
Qeyd edək ki, bu yaxınlarda Rəşad Sadıqov verdiyi açıqlamada "Qarabağ"dakı forma nömrəsinin əbədiləşdirilməsinə qarşı olduğunu bildirib.