
"Bugünki uğurumuz, böyük həyəcanımız münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. "Qarabağ” adını artıq qələbə ilə dünyaya tanıtmaq hamımız üçün böyük bir fəxrdir. Bu stadion qələbə arzuları ilə dolmalıdır, hamımız üçün qürurverici andır". Sportnet.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.
Klub rəsmisi Avropa Liqasının qrup mərhələsinin son oyununda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "İnter"lə qarşılaşmada azarkeşlərə də müraciət edib: "Fan-klublarla müzakirələr aparacağam. Sektorlarda nizam-intizam olmalıdır. Sabah azarkeşlərdən böyük dəstək gözləyirik. Ümid edirəm ki, "Qarabağ” "İnter” üçün çox çətin rəqib olacaq. Səmimi deyirəm ki, sabah burada "Qarabağ”ın uğurunu görürəm. İnşallah, biz buna nail olacağıq".
- Komanda bu mərhələni adlayacağı təqdirdə komandanın futbolçularına rəhbərlik tərəfindən hər hansı bir xüsusi mükafatın təqdim ediləcəyi gözləlinir?
- Mən sizə bir şey deyim: bu qələbənin özü böyük uğurdur. Bilirsiniz, bunun mahiyyətini ölçmək istəmirəm. Biz komandanı həmişə hərtərəfli dəstəkləmişik və buna hazırıq. Təki, qələbə qazansınlar.
- Kassalar önündə çox böyük növbə var. Maraqlıdır: Sizin də dostlarınızdan çox adam zəng edib bilet istəyir?
- "Qarabağ”ı istəyən insan dəstəkləməlidir. Olur, amma bilet alan da var, əlbəttə, xahiş edən də var. Xahiş etmək Azərbaycan mədəniyyətinin bir parçasıdır (gülür). Biz də əlimizdən gəldiyi, gücümüz çatdığı qədər dostlarımıza hədiyyə edirik. "Qarabağ”a dəstək lazımdır.
- "İnter”in əsas oyunçularının gəlməməsi müəyyən mənada "Qarabağ”ın işinə yarayacaq, yoxsa...?
- Əlbəttə, bu, bizi sevindirir. "İnter” indi öz perspektivinə baxanda növbəti mərhələyə vəsiqəni artıq qazanıb. Məncə, bu, tarixi fürsətdir. Bunu Qurban müəllimlə, futbolçularla müzakirə edəcəyəm.
Məcid HƏSƏNLİ