İtaliya "Yuventus"unun yeni baş məşqçisi Andrea Pirlo transfer prioritetlərini müəyyənləşdirib.
Sportnet.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis Sami Xedira, Duqlas Kosta və Qonsalo İquaini komandasında görmək istəmir. Onun hədəfində hücumçu və yarımmüdafiəçi transferləri durur.
Klubun prioritetləri sırasında isə Paulo Dibala ilə yeni müqavilə də var. Argentinalı forvard ilinə 15 milyon avro qazanmaq istəsə də, "Yuventus" ona 10 milyon və bonuslar təklif edir. Tərəflər razılaşsalar, sözləşmə 2025-ci ilədək uzadılacaq.
Qeyd edək ki, Andrea Pirlo baş məşqçi postunda Mauritsio Sarrini əvəzləyib. Sarrinin rəhbərliyi altında komanda İtaliya çempionu olsa da, Çempionlar Liqasının 1/8 finalında Fransa "Lion"unu üstələyə bilməyib.