UEFA Millətlər Liqasında IV turun Azərbaycan - Kipr matçı oktyabrın 13-də Albaniyada olacaq.
Sportnet.az Kipr Futbol Assosiasiyasına istinadən xəbər verir ki, qarşılaşma Elbasan şəhər stadionunda gerçəkləşəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, görüş Bakı Olimpiya Stadionunda keçirilməli idi. AFFA UEFA-ya ünvanladığı məktubda, dəfələrlə telefon danışıqlarında təşkilati işlərdə bu və ya digər şəkildə iştirak edən dövlət qurumlarının oyunu Bakıda təhlükəsizliyin tam təmin olunması zəmanəti ilə keçirməyə hazır olduğunu bildirib.
Lakin o da qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən ölkəmizə qarşı həyata keçirdiyi təxribatlar, xüsusilə son 48 saat ərzində Dağlıq Qarabağdan və işğal olunmuş digər rayonlarımızdan məsafə baxımından xeyli uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin, Xızı və Abşeron rayonlarının artilleriya və raket qurğularından atəşə tutulması, Tərtər, Goranboy, Beyləqan, Bərdə və digər yaşayış məntəqələrimizdə mülki əhalinin hədəfə alınması, dinc sakinlər arasında ölən və yaralananların olması Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına riayət olunmamasının bariz sübutudur. AFFA beynəlxalq oyunun keçirilməsi üçün daxili təhlükəsizliyə tam zəmanət versə də, xarici aqressiya və terror xarakterli davranışlar hər hansı şəkildə belə zəmanətin verilməsini çətinləşdirir.
Burada məqsəd qonaqları Ermənistanın törədə biləcəyi hər hansı təxribatdan qorumaqdır. Bu da onu göstərir ki, ermənilərin bu cür əməlləri təkcə Azərbaycan deyil, həmçinin ölkəyə səfər edən əcnəbi komandalar üçün də təhdiddir.
AFFA-nın təqdim etdiyi məlumatları nəzərə alaraq, UEFA bu gün Azərbaycan – Kipr oyununun keçiriləcəyi məkanla bağlı yekun qərarını açıqlayıb.