"Məni bu matçı keçirməyə vadar edən səbəb bəzi adamların ümumi xəstəxanalardan dərman ala bilməməsidir. Həmin adamlara kömək məqsədiləpul toplamaq üçün bunu etməyə qərar verdik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın haitili futbolçusu Donald Gerye "haititempo.com" saytına açıqlamasında dekabrın 27-də ölkəsinin Sent-Terez şəhərində təşkil edəcəyi xeyriyyə oyunu barədə danışarkən deyib.
31 yaşlı yarımmüdafiəçi bu ideyanın vətənində birmənalı qarşılanmadığını bildirib: "Son vaxtlar xeyli mesaj almışam. İnsanlarda etibarsızlıq var. Onlar bir-birilərinə inanmırlar və hamını özləri kimi görürlər. Şayiələrə cavab vermirəm, çünki məni maraqlandırmır. Mən bu ölkənin, kasıbların övladıyam. Kiminsə məni incitmək istəyi varsa, bilin ki, Tanrı həmişə məni qoruyacaq".
Gerye xeyriyyə matçından əldə olunacaq gəlirin 5-10 nəfərə deyil, daha çox insana paylanacağını söyləyib: "Bunun üçün oyuna radio və televiziya əməkdaşlarını dəvət edəcəyik. Hətta pulu verdiyimiz insanlarla şəkil çəkdirəcəyik ki, hamı hər şeyi görsün".
Haiti haqqında mənfi fikirlər söyləyən insanlar haqqında danışan təcrübəli futbolçu sonda həyat yoldaşının ailəsi ilə bağlı əhvalatı xatırlayıb: "İlk dəfə onu Haitiyə aparanda ailəsi razılaşmadı, ölkədə qeyri-sabitlik və təhlükəsizliklə bağlı problemlərin olduğunu bildirdilər. Mən isə onlara dedim ki, qızınızı özümlə aparıb, sağ-salamat geri qaytaracağam. Qayıdandan sonra həyat yoldaşım onlara səfərimizin xüsusi keçidiyini ailəsinə izah etdi. Bundan sonra onların Haiti barədə fikirləri dəyişdi. Demək istəyirəm ki, təcrübənizlə başqalarını Haitiyə gəlməyə ruhlandırmalısınız".