"Hazırda Özbəkistanın "Soqdiana" komandasında çıxış edirəm. Hərdən canlı yayımda Azərbaycan Premyer Liqasının oyunlarını izləyirəm".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Bahodir Nasimov bu gün Premyer Liqada flaqmanla "Qarabağ" arasında keçiriləcək oyun barədə danışarkən deyib.
Özbəkistanlı hücumçu derbi öncəsi komandaların şanslarını dəyərləndirib. 34 yaşlı forvard Ağdam klubunun qələbəyə daha iddialı olduğunu bildirib: "Qarabağ" güclü komandadır. Heyətində yaxşı futbolçuları var, baxımlı oyun göstərirlər. Bu mənada, onları daha şanslı hesab edirəm".
Təcrübəli futbolçu hazırda "Neftçi"nin əsas probleminin sırf hücumçu ilə bağlı olmadığını vurğulayıb: "Komandaya eyni zamanda yaxşı müdafiəçilər və Flavinyo kimi yarımmüdafiçi lazımdır. Çünki meydanda hər şeyi yalnız hücumçu həll etmir. Forvard 2 qol vurduğu halda, komandası 3 top buraxsa, bu, artıq yaxşı nəticə olmayacaq".
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlayacaq.
Qeyd edək ki, 2010 - 2014-cü illərdə "Neftçi"nin formasını geyinmiş Bahodir Nasimov 2011/2012 mövsümündə 16 qolla çempionatın bombardiri olub. O, 2018-ci ildə "Keşlə"də də çıxış edib.