UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, hər iki qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.
İspaniya La Liqasının lideri "Atletiko" pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə oynanılan görüşdə İngiltərənin "Çelsi" komandasına 0:1 hesabı ilə uduzub. Yeganə qolu 82-ci dəqiqədə Olivye Jiru vurub.
İtaliya "Latsio"su isə öz meydanında turnirin son qalibi Almaniya "Bavariya"sına 1:4 hesabı ilə məğlub olub. Oyunda hesabı 9-cu dəqiqədə qonaqların hücumçusu Robert Levandovski açıb. 23-cü dəqiqədə Camal Musiala, 42-ci dəqiqədə isə Leroy Sane rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. İlk hissə bu hesabla bitib. Münhen təmsilçisi ikinci yarıya da erkən qolla başlayıb. 47-ci dəqiqədə Roma klubunun futbolçuu Françesko Açerbi topu öz qapısından keçirib. 2 dəqiqə sonra "Latsio" fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.
Komandalar arasında cavab görüşləri martın 18-də keçiriləcək.
----------------------------------------
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.
İspaniya La Liqasının lideri "Atletiko" İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək. Pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq matça Madrid təmsilçisi bir neçə itki ilə çıxacaq. Xose Mariya Ximenes, Şime Vrsalko, Ektor Errera, Yannik Karrasko zədə səbəbindən oyunu buraxacaqlar. London klubunda isə Tiaqu Silva və Temmi Abrahamın bu görüşdə forma geyinməsi sual altındadır.
Gecənin digər matçı İtaliyada olacaq. "Latsio" öz meydanında turnirin son qalibi Almaniya "Bavariya"sını sınağa çəkəcək. Qonaqlardan Aleksandr Nübel, Benjamin Pavar, Duqlas Kosta, Korenten Tolisso, Serj Qnabri və Tomas Müllerin oynamayacağı dəqiqdir. Meydan sahiblərindən isə Ştefan Radu zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Digər zədəli Tomas Strakoşanın oynayıb-oynamayacağı isə bilinmir.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
24:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) - 0:1
Qol: Olivye Jiru, 68
24:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya) - 1:4
Qollar: Xoakin Korrea, 49 - Robert Levandovski, 9, Camal Musiala, 23, Leroy Sane, 42, Françesko Açerbi, 47 (avtoqol)
Qeyd edək ki, 1/8 finalın əvvəlki görüşlərində Fransa PSJ-si İspaniyanın "Barselona" komandasına 4:1, İngiltərə "Liverpul"u Almaniyanın "Leyptsiq" kollektivinə 2:0, Portuqaliya "Portu"su İtaliya "Yuventus"una 2:1, Almaniyanın "Borussiya" (Dortmund) klubu isə İspaniya "Sevilya"sına 3:2 hesabı ilə qalib gəlib. Bu mərhələnin digər iki oyunu sabah keçiriləcək. İspaniya "Real Madrid"i İtaliyada "Atalanta" ilə, İngiltərənin "Mançester Siti" komandası isə Macarıstanın paytaxtı Budapeştdə Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.