
"Nəticədən razıyam. Daha yaxşı oynaya bilərdik. Amma bu cür rəqiblərə qarşı mübarizə aparmaq çətindir. Oyuna mənən hazır idik. Yolumuz uzundur. İnanıram ki, alınacaq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Serbiya yığmasının futbolçusu Filip Kostiç Bakıda Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdikləri DÇ-2022-nin seçmə mərhələ oyunu barədə danışarkən deyib.
Almaniyanın "Ayntraxt" klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi əzmkarlıq nümayiş etdirdiklərini bildirib: "Qısa vaxt kəsiyində 3 ağır oyunumuz oldu. Hazırkı vəziyyətdən məmnun olmalıyıq. Komandada istək böyükdür və dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün yolumuza davam edirik".
Görüşün 59-cu dəqiqəsində Emin Mahmudova qarşı kobudluq edərək penaltiyə səbəb olan təcrübəli oyunçu epizodu bu cür şərh edib: "Həmin vaxt rəqib futbolçunu görmürdüm. Topa mümkün qədər tez çatmaq istəyirdim. Dönəndə yöndəmsiz toxunuş etdim. Amma əsas odur ki, qələbə qazandıq".