Hazırda Ukraynanın "Minay" klubunda çıxış edən Azərbaycan milli komandasının sabiq qapıçısı Andrey Popoviç müsahibə zamanı bir neçə dəfə qeyri-etik ifadələr səsləndirib. Sportnet.az-ın məlumatına görə, kapitan belə ifadələri "Profutbol Digital" telekanalına açıqlamasında dilə gətirib.
Ukrayna Premyer Liqasında XXIII turun "Dnepr-1"ə 0:3 hesablı səfər məğlubiyyətindən sonra 29 yaşlı qolkiper komandasının oyunundan, hakimlikdən, şəxsi hədəflərindən danışarkən, cümlələrinin axırına 12 dəfə "b...t" sözünü artırıb.
Qeyd edək ki, Andrey Popoviç Azərbaycanda oynadığı vaxt da qalmaqallı davranışları ilə diqqət çəkib. O, 2012-ci il fevralın 24-də milli komandanın təlim-məşq toplanışı zamanı gecə klubuna gedərək, siqaret və spirtli içki ilə fotosunu paylaşıb. Bu səbəbdən, Popoviç millinin ovaxtkı baş məşqçisi Berti Foqts və klubu "Sumqayıt" tərəfindən cəzalandırılıb. O, Azərbaycanda "Bakı", "Abşeron", "Turan" və "Qəbələ"nin də formasını geyinib.
Hazırda "Minay"da yığmaya yeni cəlb olunmuş Anatoli Nuriyev də forma geyinir. Bu klub 23 oyundan 18 xalla sonuncu pillədə qərarlaşıb.