
"Çətin oyun olacağını bilirdik. Rəqibin heyətində itkilər olsa da, "Qarabağ" "Qarabağ"dır. Bunu dərk edirdik. Komandanı çətin və ağır oyuna hazırlayırdıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Qarabağ"a 0:5 hesabı ilə uduzduqları Premyer Liqanın XXIV tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, 60-cı dəqiqəyə kimi futbolçular verilən tapşırıqları yerinə yetirib: "Amma ardıcıl qollar buraxandan sonda komanda sındı və toparlana bilmədi. Kollektivimiz möhkəm və sağlamdır. Bu komanda toparlana bilər və biləcək".
Baxşıyev oyunçularda motivasiyanın olduğunu söyləyib: "Birinci yarıda rəqibdən çox epizodlar yaratdıq. Sadəcə, dəyərləndirə bilmədik. Futbolda belə şeylər olur. Adi epizodda qol buraxırsan və toparlanmaq çətin alınır".
Baş məşqçi qapıçı Anar Nəzirovun oyununa da toxunub: "Futbol səhvlər oyunudur. Mən də, Anar da səhv edir. Amma mən burada olduğum müddətdə sonadək Anara inanacağam. O, mənim 1 nömrəli qapıçımdır. Onun səhvi mənim səhvimdir. Həftə ərzində görürdük ki, komanda oyuna hazırdır. Qarşılaşmanın əvvəlində layiqli müqavimət göstərdik. Sadəcə, ardıcıl iki epizoddan sonra çətinlik çəkdik".