
"Çox utancverici oyun oldu. 90 dəqiqənin 30 dəqiqəsini yerdə uzanmaq bizim futbola yaraşmayan şeydir. Rəqibin qapıçısını illərdir tanıyırlar, amma bir çarə qılmırlar. Vaxtı uzadır, ver "qırmızı"nı, rədd elə".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, hər bir matçdan öncə hamı diqqətli olmalıdır: "Hansı oyuna necə referi təyin edirlər, baxmalıdırlar. Necə təzyiqli döməmdəyik. Bu nədir? Epizodları xırdalamaq istəmirəm. Bayraq götürəcəklər ki, üç "qırmızı" oldu. Bu nə oyundur? Başa düşürəm, komandanı yerdə uzandırırıq, bunu biz edirik. Biz o günə qoyuruq ki, uzanırlar. Bu nədir qardaş? Hakimə epizodları göstəririk. Sən tempi qaldırırsan, o biri tempi salır. Yoxsa çıxıb hakimdən danışmalıyıq, epizodları göstərməliyik"?
Abasovun sözlərinə görə, "Neftçi" təkcə hansısa komandaya qarşı mübarizə aparmır: "İstəyirik ki, biz necə oynayırıqsa, bizə qarşı da elə oynasınlar. Bu bir xal rəqib üçündürsə, bizim üçün də heç nə bitməyib. Mən oyundan yox, ümumi ab-havadan narazıyam. Əvvəl öz oyunçularımıza söz deyirdik, indi hamıya. Hər kəs diqqətli olmalıdır. Həyəcanlı, təzyiqli dönəmlərdəyik. Bu gün Azərbaycan çempionatının nəbzini saxlayan "Neftçi"dir. Biz dayansaq, nəbz də dayanacaq".
Baş məşqçi komandasında heç bir səhv olmadığını söyləyib: "Oyuna sakit başladıq. Son dəqiqələrdə buraxdığımız əks-hücumlar normaldır, olmalıdı. Heç bir futbolçuma iradım yoxdur. Oyunun içində də onları sakitləşdirə bilmirdik. Necə qol vurmalıyıq ki, sayılsın? Qolumuz niyə sayılmır? Bu sualın cavabı çox güman ki, sizə də maraqlıdır".
Mütəxəssis deyib ki, oyunda baş verənlərdə AFFA və hakimlərin rolu yoxdur: "Nə dediyimi hamınız yaxşı bilirsiniz. Bizim üçün çox çətindir. Nəbz "Neftçi" ilə döyünür, bu intriqanı biz saxlayırıq. Bu gün qolumuz sayılmadı. Niyə biz indi növbəti oyuna həyəcanla çıxmalıyıq? Bu vaxta kimi "Sabah"ın digər komandalara qarşı belə oynadığını görməmişik. Vaxtı aparmaqla nə qazanırsız axı"?