İngiltərənin "Çelsi" klubunun futbolçusu Meyson Maunt 10 ildən sonra "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runinin nailiyyətini təkrarlayıb.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı hücumçu 2011-ci ildən sonra Çempionlar Liqasının yarımfinal mərhələsində qol vuran ilk ingiltərəli oyunçu olub.
Maunt evdə İspaniyanın "Real Madrid" klubunu 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.
Son olaraq 2011-ci ildə Runi "Mançester Yunayted"in heyətində Almaniyanın "Şalke" klubuna yarımfinal oyununda qol vurub.
Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının finalında İngiltərənin digər təmsilçisi "Mançester Siti" ilə üz-üzə gələcək. Qarşılaşma mayın 29-da olacaq.