
"Yenidən bu formanı geyinmək qürurvericidir. Hamının xəyalı böyük turnirlərdə ölkəni layiqincə təmsil etməkdir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Türkiyə millisinin futbolçusu Abdülkadir Ömür Azərbaycan yığmasını 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyunundan sonra deyib.
Yarımmüdafiəçi qardaş ölkə ilə gözəl oyun keçirdiklərini bildirib: "Meydanda həm Azərbaycan, həm də türkcə danışırdıq. Əsl dostluq oyunu oldu. Yaxşı komandamız var. Ümid edirəm ki, Avropa çempionatına uğurlu start verib davamını gətirərik".
Türkiyə yığmasının digər üzvü Kerem Aktürkoğlu həyəcanlı və gözəl qarşılaşma olduğunu vurğulayıb. "Yoldaşlıq matçı olsa da, qələbə önəmli idi. Mübarizə əzmi yüksək görüş oldu. Uzun müddətdən sonra azarkeşləri görmək xoş idi. Hər iki yığmanı təbrik edirəm".
Halil Dervişoğlu isə millidə ilk oyununda qol vurduğunu söyləyib: "Buna görə baş məşqçimiz Şenol Güneşə təşəkkür edirəm. Qələbə qazandığımız üçün şadam. İnanıram ki, belə davam edəcəyik".