
"Çox çətin qrupa düşmüşük. Amma hər şeyin öhdəsindən gələ bilərik. Çünki biz Türkiyəni təmsil edirik. Özümüzə güvənirik. İnanıram ki, qrupdan çıxıb finala yüksələ bilərik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Türkiyə millisinin futbolçusu Rıdvan Yılmaz yığmanın rəsmi tvitter səhifəsinə müsahibəsində AVRO-2020-dəki şanslarını dəyərləndirərkən deyib.
A qrupundakı iki oyunu Bakıda keçirəcəklərini deyən "Beşiktaş"ın sol cinah müdafiəçisi bunun komandaya müsbət təsir edəcəyini bildirib: "Biz eyni ölkənin vətəndaşı kimiyik. Orada oynamaq bizim üçün xoş olacaq. Bu, eyni zamanda komandaya əlavə inam gətirəcək. Ümid edirəm ki, hər şey istədiyimiz kimi alınar".
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.