"Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev "Report"un suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşacaqsınız. Püşkatma haqqında nə deyə bilərsiniz: Komandanızdan gözləntiləriniz nədir?
- Bu mərhələdə zəif komanda olmur. Biz püşkdən əvvəl səpələnməmişlər qrupunda idik və nisbətən güclü rəqiblə düşəcəyimiz bəlli idi. "Çukariçki" Serbiyanı təmsil edir. Bütün dünya bilir ki, serblər futbolu necə sevirlər, futbol oynamağı bacaran ölkə və millətdirlər. Həmişə serblərin komandaları da yaxşı nəticələr qazanıblar. Əlbəttə, maraqlı oyun olacaq. Ötən mövsüm ilk dəfə UEFA Avropa Liqasında mübarizə aparmaqla avrokuboklarda debüt etdik. Amma bu il başqa cür olacaq. Komandanın təcrübəsi daha çoxdur. Tam şəkildə hazırlaşırıq. Artıq bu gündən məşqlərə start verilib. İyulun əvvəlində ölkə xaricinə təlim-məşq toplanışına yollanacağıq.
- Hazırlıq prosesi hansı ölkədə gerçəkləşəcək?
- Böyük ehtimalla Türkiyədə. Amma şəhərin adı hələ dəqiqləşməyib.
- "Sumqayıt"ın növbəti mərhələ şansı nə qədərdir?
- Bu dəqiqə hansısa şanslardan, faizdən danışmaq düzgün olmaz. Çünki püşkatma mərasimi dünən olub. Rəqibimizi bir gün əvvəl bilmişik. Bu müddət ərzində onların bütün oyunlarını analiz etmək və "Çukariçki" haqqında nə isə danışmaq çətindir. Aydın məsələdir ki, komanda Serbiya çempionatını 3-cü pillədə bitirib. Bu çempionatda üçüncü yeri tutan kollektiv zəif ola bilməz.
- Serbiya təmsilçisinin kapitanı Marko Dokiç və idman direktoru Vladimir Matiyaşeviç açıqlama verib ki, ilk oyunda qol buraxmadan qələbə qazanmaq onlar üçün önəmlidir. "Sumqayıt" rəqib meydanında serblərin qapısına yol tapa bilərmi?
- Bu barədə məşqçilər korpusu daha yaxşı bilər. Mənim nə isə deməyim düzgün çıxmaz. Amma hansı oyunda qol vurmağın fərqi yoxdur. Bizim üçün əsas olan mərhələ keçməkdir.
- Oyunu "Kapital Bank Arena"da keçirmək üçün hansısa problem var?
- Xeyr. Ötən mövsüm də avrokubok oyununu doğma arenamızda keçirmişdik.
- Növbəti mərhələyə yüksələcəyiniz təqdirdə, yenə eyni arenada oynayacaqsınız?
- Baxacağıq. Birinci rəqibi keçsək, fikirləşəcəyik. Hazırda ölkəmizdə karantin vəziyyəti davam edir. Avropa çempionatını kənara qoysaq, insanlar kütləvi tədbirlərdə yığışması qadağandır. Hələ də bilmirik ki, avrokuboklarda azarkeşlərə icazə veriləcəkmi? Hazırda bunu bilmirik. Buna uyğun da hərəkət edəcəyik.
- Gələcəkdə avrokubok oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirmək kimi istəyiniz varmı?
- Əlbəttə, möhtəşəm olardı ki, yeni tikilən arenada oynayaq. Düşünürəm ki, hazır olduqdan sonra avrokubok matçlarının həmin stadionda keçirilməsi hamı üçün möhtəşəm olar. Hazırda stadion hazır vəziyyətdə deyil.
- Klublar Komitəsi (KK) olaraq, avrokuboklara azarkeşlərin buraxılma məsələsini müzakirə etmək fikriniz varmı?
- Belə məsələlərdə qərarı ölkə rəhbərliyi və Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verir. Biz sadəcə olaraq KK-da müzakirə apara, AFFA-ya və onların İcraiyyə Komitəsinə hansısa təklifimizi göndərə bilərik. Oyunların azarkeşlə və azarkeşsiz keçirilməsinə KK-nın aidiyyatı yoxdur. Amma əlbəttə, hamımız istəyərik ki, oyunlar azarkeşlərlə keçirilsin.
- Əvvəlki mövsümlərdə "Sumqayıt"ın heyətində yetərincə dəyişiklik olurdu. Sanki bu dəfə heyəti qoruya bilmisiniz...
- Ötən illə müqayisədə komanda üzvlərinin əksəriyyətini saxlaya bildik. Aydın məsələdir ki, ötən mövsüm bizim üçün uğurlu alındı. Ona görə də, çətin olmasına baxmayaraq, komandanın əsasını qoruyub saxladıq. Nəzərə almalıyıq ki, qarşıda avrokubok oyunları var. Komandanı yenidən sıfırdan yığmaq yönündə çətinliklər olacaq. Bütün bunları nəzərə alıb onurğa sütununu saxladıq. Düşünürəm ki, bu dəfə avrokuboklara hazırlıq daha yaxşı və səmərəli keçəcək.
- Cavid İmamverdiyev və Mehdi Şərifi ilə yollarınızı ayırmısınız. Onların mövqeyinə alternativ futbolçu düşünürsünüzmü?
- Sadəcə bunu deyə bilərəm ki, yeni transferlərimiz olacaq.
- Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşünüz olub. Klubun büdcəsinin artırılmasını müzakirə edildimi?
- Çox yaxşı və səmərəli görüş oldu. Sağ olsun, şəhərimizin başçısı komandamızı ziyarət etdi və qazandığımız nəticələrə görə təbriklərini çatdırdı. Görüşdən hamı razı qaldı, yenidən ona təşəkkürümü bildirmək istəyirəm ki, bizimlə maraqlanıb və dəstək olub. İnanıram ki, gələcəkdə belə görüşlər çox olacaq. Klub büdcəsinin artırılma məsələsindən isə danışmaq istəməzdim.